image

“OĞLUM ŞƏHİD OLDUĞUNU MƏNƏ YUXUDA XƏBƏR VERDİ”...

NMR xəbərləri 05-Jun, 20:10 Elvin 32 0
“OĞLUM ŞƏHİD OLDUĞUNU MƏNƏ YUXUDA XƏBƏR VERDİ”...
Dahilərdən birinin belə bir fikrini xatırlayıram: -“İşğala uğrayan vətən
torpaqları sülh ilə ələ keçməz, ancaq savaşla alınar!” Bəli, qan tökülməzsə,
azadlıq tumu göyərməz. Azərbaycan xalqının da qanı töküldü, vətən, torpaq,
azadlıq uğruna minlərlə can qurban verdi. Qırx dörd günlük Vətən müharibəsi
zəfər sevinci ilə bərabər qəhrəman oğulların əbədiyyətə qovuşmasına da şahidlik
etdi.
Müqəddəs torpağım dinim, kitabım,
Hər səhifəsi nəfəs alan canımdır.
Hər sətiri qızıl qanlı tarıxim,
Mürəkkəbi igid-igid qanımdır.
Bəzən müharibə zamanı əsgərlərimiz tərəfindən lentə alınmış videolar
qarşıma çıxır. Onlar bəlkə də həmin an hər şeyi gözə alaraq özlərini əbədi olaraq
yaddaşa saldıqlarından xəbərsiz idilər. Komandirinmi, ya əsgər yoldaşlarınınmı
-“Kəlmeyi-şəhadətinizi deyin, minin maşına”- sözlərini gülə-gülə qarşılayıb,
mobil telefonun ekranına baxaraq sevdiklərinə əl edərək əbədiyyətə yollanan
oğullar...Çıxdıqları yolun sonunun nə olacağını bilmədən yumruqlarını
düyünləyərək, - Hər şey vətən üçün! - deyən oğullar...Sizin haqqınız Tanrı
haqqıdı, ömür boyu ödənməz.
Bir Tanrı haqqını boynuma qoyub,
Özü Tanrı yolu gedən şəhidim.
Bir övuc torpağın gözündən öpüb,
Düşmənin gözünü didən şəhidim...
Əbədiyyətdəki əziz ünvanlarımızı soraqlarkən bir şəhidimizin anası ilə
rastlaşdım. Üzünün sevinci, saçının qarası, gözlərinin nuru aman-zaman yeganə
oğlu ilə getsə də, baxışlarında bir qürur, əyilməzlik vardı. Onu həyatda tutan da
elə oğlunun ŞƏHİD adı idi.
Əsl adını, Şəhid adını ona Tanrı verdi. Amma ata-anasının ona verdiyi ad
Emin idi. Şəhidimiz Sadiqov Emin Rəşadət oğlu 21 iyul 1998-ci ildə Naxçıvan
Muxtar Respublikası Şahbuz rayonunun Şahbuz kəndində anadan olub. Ailə
vəziyyəti ilə əlaqədar uşaq ikən Naxçıvan şəhərinə köçüblər. 2004-cü ildə
Naxçıvan şəhər Cəlil Məmmədquluzadə adına 2 -nömrəli tam orta məktəbin

birinci sinfinə gedib və səkkizinci sinfi bitirdikdən sonra Heydər Əliyev adına
Hərbi liseyə qəbul olur və üç il burada təhsil alır. 2015-ci ildə Naxçıvandan
Bakıya gedir, hərbin sirlərinə yiyələnmək üçün Heydər Əliyev adına
Azərbaycan Ali Hərbi Məktəbinə qəbul olur. 2019-cu ildə Azərbaycan Ali Hərbi
Məktəbindən məzun olan Emin Qazax rayonuna təyinat alır.
İkinci Qarabağ Savaşı başlayanda leytenant qardaşımız Füzuli istiqamətində
döyüşlərə qoşulur. Döyüş yoldaşları, onunla bir bölükdə xidmət edən Cavanşir,
Habil və digərləri ilə birlikdə hər zaman ön cəbhədə olur. Erməni vəhşilərinə
qan uddurur. Onun qeyri-adi cəsurluğu, gözüaçıqlığı hər kəsi heyrətləndirir.
Anası Gülşad xanım: Emin oktyabrın 11-də zəng vurdu ki, Füzuliyə
gəlmişik. Ancaq döyüşdə olduğunu demədi. Zəng vurduqca deyirdi, ana,
səsin niyə titrəyir? Mən çox uzaqdayam, qabaqda deyiləm. Ön cəbhədə imiş
balam ..Mənə demirdi ki, ürəyim sıxılar, narahat olaram. Oktyabrın 26- sı
saat onun yarısı vurduğu zəng son zəngi oldu. Telefonda səsin eşitdim,
ağladım. Ağlama, ana, dedi. Hər şey yaxşıdı. Elə həmin gün vurulub. Gecə
saat 11- də neytral zonadan çıxarıblar.

Döyüş yoldaşı Cavanşirin dedikləri: Emin çox cəsarətli oğlan idi. Adi
vaxtda sakit təbiətli, təmkinli olan Emin döyüş vaxtı tamam dəyişirdi. Od-
alov olurdu. Döyüş yoldaşlarına hər zaman örnək olan igid dostumuz
növbəti döyüş zamanı bölük komandirimizlə birlikdə düşmənin namərd
gülləsinə tuş gəldi. Biz onları -həm Emini, həm də bölük komandiri Raufu
döyüş bölgəsindən kənarlaşdırdıq. Güllələrin yağış kimi yaşmasına
baxmayaraq, sanki Allah-təala fürsət verdi ki, onları sağ-salamat ordan
çıxardıq. Biz hər zaman çalışırdıq ki, şəhid qardaşlarımızı döyüş bölgəsində
qoymayaq. Onların mənfur düşmənin əlinə keçməsinə imkan vermirdik.
Biz Emin kimi oğulların haqqını ödəyə bilmərik. Bütün şəhidlərimizin ruhu
şad olsun, deyirəm.

Anası Gülşad xanım: Mən Şəhid Anasıyam. Bir şəhid Anası olmaq mənə
həm qürür verir, həm də kədər. Qürur verir ona görə ki, mənim oğlum ən
ali zirvəyə ucaldı. Kədərlidi ona görə ki, mən daha bir də oğlumu bağrıma
basa və onun qoxusunu ala bilməyəcəm. Oğlum hər zaman- Ana, sən çox
güclüsən. Belə güclü olmağı, belə ayaqda durmağı necə bacarırsan?-
deyirdi. İndi oğlum məndən qat -qat güclüdü artıq. Mən oğlumu tək
başıma, atasız böyütdüm. O mənsiz yaşaya bilməyəcəyini deyirdi. Bəs indi
mən onsuz necə yaşayım? Söz vermişdi mənə, nə olsa, ilk o deyəcəkdi. Nəsə
səhv edibsə, həyatında nəsə baş veribsə... O, sözünü tutdu. Şəhid olmaq
xəbərini belə başqasından almağıma icazə vermədi. Yuxuma gəldi və bu
xəbəri mənə özü verdi:-“Ana, mənim ürəyimdən bir güllə dəyib, yaram çox
deyil, narahat olma”. Oğlum çox əziyyətli günlər yaşadı, ancaq sonunda ən
gözəl ölümlə getdi. Mən oğlumla fəxr edirəm. Mən oğul böyütdüm.
Böyütdüm ki, bu milləti qorusun. Böyütdüm ki, bu millətə layiq olsun. O da
bunu çox yaxşı bacardı . Bu gün mən -Vətən sağ olsun!- deyirəm. Təbii ki,
istərdim vətənlə birgə oğlum da sağ olsun. Mən bir oğul itirdim, amma
yüzlərlə, hətta minlərlə oğul qazandım özümə. Allah bütün övladları
qorusun. İndi bu torpağın üstündə dinc, rahat yaşayırıqsa, bunu Şəhid
övladladlarımıza borcluyuq. Allah mənim oğlumla birgə bütün
Şəhidlərimizə rəhmət etsin . Şəhidlər ölməzdilər . Mənimsə Ana olaraq bir
diləyim var. O da tezliklə övladıma qovuşmaq. Bəzən fikirləşirəm ki,
qəhrəmanlar anadan qəhrəman doqulmur. Onlarin yaşadıqları, cəkdiyi
əziyyətlər onlari elə ürəkli olmağa aparır. Ölümə bilə -bilə getmək,
düşmənin üzərinə qorxmadan irəliləmək və düşməndən qorxmayıb
kürəyindən yox, ürəyindən yaralanmaq böyük qəhrəmanlıqdı. Bəli, mən bu
gün oğlumla fəxr edirəm, qürür duyuram. Onu da bilirəm ki, bir də balamı
bağrıma baca bilməyəcəyəm, qoxusunu almayacağam. Buna rəğmən, yenə
də balamla fəxr edirəm. Anasının arzularını hecə saydı, Vətəni, Dövləti,
Bayraqı, Torpağı secdi balam. Fəxr eləyirəm, bəli! Bütün şəhid balaları
mənım balamdı. Şəhidlərin, Qazilərin, Müzəffər ordumuzun hesabına biz
qalib gəldik. Alnımızın ləkəsini onlar qəhrəmanlıqları, al qanlarıyla
sildilər”.

Bu sözləri ancaq ürəyi dağ boyda olan Azərbaycan qadını söyləyə bilər.
Gülşad ananın bu sözlərini dinlədikcə gözüm önünə bu ana-balanın Tanrı
dərgahında son söhbəti canlanırdı:
Ana –
Yollar eşmə-eşmədi,
Ürək deşmə-deşmədi.
Oğlum, Vətəni seçdin,
Sən ananı seçmədin.
Oğul –
Apardı bu yol məni,
Bük bayrağa, al məni.
Ana, ana torpağa
Özün yola sal məni.
Ana –
Dağlar dumandı, dedin,
Halı yamandı dedin.
Bağışla məni, ana,
Vətən anamdı dedin.
Oğul –
Sən şəhid anasısan,
Çətindi, deyil asan.
Sən özünü mənim yox,
Vətənin anası san!
Ana-
Dinim-imanım oğul,
Andım, gümanım oğul!
Təki vətən sağ olsun,
Bitsin amanım, oğul!
Oğul-
Azaddı daşım, ana.
Ucadı başın, ana,

Sənə oğul olacaq
Əsgər qardaşım, ana!
Bu gün şəhid anaları Gülşad ananın sözüylə desək, bir oğul itirsələr də, onları
gözü üstə saxlayacaq, qarşısında diz çökəcək minlərlə qəhrəman əsgər oğul
qazanıblar. Mən Eminin döyüş yoldaşlarının Gülşad xanıma ünvanladıqları
sözləri dinlədikcə buna bir daha əmin oldum.
Bəli, müharibə başlanandan bir ay sonra, 26 oktyabr 2020-ci ildə Füzuli
rayonunun Alxanlı, Seyidəhmədli kəndlərinin azad olunması uğrunda gedən
döyüşlərdə şəhidlik zirvəsinə ucaldı Emin. 30 oktyabr 2020-ci ildə Naxçıvana
gətirildi, şəhidimizi bütün el qarşıladı, doğulduğu Şahbuz kənd məzarlığında
torpağa tapşırıldı.
Vətən igid oğullarını heç zaman unutmayacaq, onlara layiq olduqları dəyər
verilib, verilir və veriləcək. Azərbaycan Respublikasının ərazi bütövlüyünün
təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etmiş və hərbi hissə
qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə
yetirmiş leytenant Sadiqov Emin Rəşadət oğlu ölümündən sonra Azərbaycan
Prezidenti İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən
“Vətən uğrunda” medalı, Azərbaycan Respublikası ərazilərinin işğaldan azad
olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirərkən cəsarət və fədakarlıq
göstərmiş, habelə təşəbbüskar və qətiyyətli hərəkətlər nümayiş etdirməsinə görə
Azərbaycan Prezidenti İlham Əliyevin 18 dekabr 2020-ci il tarixli Sərəncamına
əsasən “Döyüşdə fərqlənməyə görə” medalı, Azərbaycan Respublikasının Füzuli
rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında
iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan
Prezidenti İlham Əliyevin 25 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən
“Füzulinin azad olunmasına görə” medalı ilə təltif edilmişdir. Kəlbəcərdə azad
olunmasında iştirak etdiyi hərbi postlardan biri bu gün Emin Sadiqovun adını
daşıyır.
Bayrağımı qaya üstə, dağ başında
Zirvələrdə ucaltmışam,
Azanımın gür səsini məscidlərdə,

türbələrdə ucaltmışam,
Himnimizin hürr səsini fəxarətlə, dəyanətlə,
Qürur dolu avazımla
azad olan ellərimdə ucaltmışam.
Qarabağı vətən boyda ürəyimdə
gətirmişəm, Vətən sənə!
Anaların, bacıların üzağlığı
Namusumu, vicdanımı,
Son borcumu qeyrətimdə
gətirmişəm, Vətən sənə!
Qəhrəmanım, sənin bizə hədiyyən daha böyük, daha qiymətli oldu. Vətənə
layiq oğul olub, səni canından artıq sevən anaya Şəhid Anası adı qazandırdın.
Ruhun şad olsun, qəhrəman Şəhidim! Vətən torpağı beşiyin, azadlıq nəğməmiz
laylan olsun, nurüzlüm!
Təranə Arifqızı
Şair-publisist, jurnalıst
Naxçıvan Radiosunun əməkdaşı


Oxşar məqalələr