image

AD GÜNÜNDƏ ŞƏHİD OLDU ELVİNİM…

NMR xəbərləri 05-Jun, 19:59 Elvin 31 0
AD GÜNÜNDƏ ŞƏHİD OLDU ELVİNİM…
Hər şəhid bir bayraqdı,
Hər şəhid bir vətəndir.
Qaldırın göy üzünə!
Çiyninizin üstündə
Göyə dua göndərin!
O göyün duasıdı.
Ruhumun, mənliyimin,
Qələbə havasıdı!
Həm bu dünyadakı, həm də cənnətdəki evini nişan örpəyinə dönən
üçrəngli bayraqla tanıdan şəhidlərimiz...Vətəni özlərinə Ana, Sevgili
seçən oğullar. Haqqınız ödənəcəkmi?
Daha bir vətən bayrağının, daha bir şəhidin cənnət qoxulu iziylə
özümü odlu-alovlu savaşın içində gördüm. Onlar danışdı, mən
yaşadım. Amma onların yaşadıqlarını heç vaxt yaşaya bilməzdim. Bir
anını təsəvvür etmək belə çətindi, dəhşətlidi. Azad olan torpaqların
hər qarışını qəhrəmanlıq dastanına döndərən igid oğullarımızdan biri
də Elvindir. Nənəsi Nəcibə xanımın dediyi kimi minarə boylu, şəkil
kimi, üzündən qəhrəmanlıq yağan bir bala idi.
Onların bu dünyadakı evləri ayrı-ayrı məkanda olsa da, cənnətdə
hamısı bir ocağın insanı sayılır. Eyni məqsəd, eyni amal, eyni sevgi
uğrunda şəhid olanların o dünyaları da eyni yerdədi.
Məmmədov Elvin Etibar oğlu – 1997-ci il oktyabrın 1- də Babək
rayonunun Nəzərabad kəndində dünyaya göz açıb. Üç qardaşın
sonbeşiyi olan Elvin 2004- cü ildə Babək rayonunun Didivar kənd orta
məktəbində təhsil almağa başlayır. Uşaqlıqdan arzusu hərbiçi olmaq
olur. Buna görə də idmana böyük həvəs göstərir. Muxtar respublikada
keçirilən cüdo üzrə yarışlarda dəfələrlə layiqli yer tutaraq diploma
layiq görülür. Balaca ürəyindəki vətən sevgisi onu 2012-ci ildə
Naxçıvan şəhərindəki Heydər Əliyev adına Hərbi liseydə oxumağa
gətirib çıxarır. Artıq ilk addım atılır. Bu müqəddəs yolu davam
etdirmək, daha güclü hərbi biliklərə yiyələnmək üçün Bakı
şəhərindəki Cəmşid Naxçıvanski adına Azərbaycan Ali Hərbi
Məktəbinə qəbul edilir. Hərbiçi peşəsi o yolu seçənlərdən səbr,
dözüm, məsuliyyət, çeviklik, ən başlıcası vətənə hədsiz sevgi tələb
edir. Bütün bunların hamısı Elvində vardı. Üstəlik ailəsinə bağlı,
mehriban, gülərüz, qəlbə dəyməyən, böyüyün-kiçiyin yerini bilən biri

kimi yaddaşlara köçüb. Elvindən böyük olan iki qardaşı da hərbiçidi.
Baş leytenant Zaur Məmmədov və çavuş Seyfullah Məmmədov hal-
hazırda vətənə hərbi xidmətlərini davam etdirirlər. Bir ailədə vətəni
qoruyan üç igid oğul yetişmişib. Elvin Məmmədov 2019- cu ildə Ali
Hərbi Məktəbi bitirdikdən sonra təyinatına görə Beyləqan rayonunun
N-saylı hərbi hərbi hissəsində leytenant hərbi rütbəsilə xidmətə
başlayır. Hələ ermənilərin 2020- il iyulun 12- də torətdikləri növbəti
təxribat nəticəsində başlanan döyüşlərdə iştirak edən Elvin general
Polad Həşimovun və diğər döyüş yoldaşlarının ölümü ilə heç cür
barışa bilmirdi. Içindəki intiqam alovu getdikcə alovlanırdı. Hər gün
özünə, “ bəs nə vaxt, nə zaman olacaq?”- deyə sual verib dururdu.
Zaman artıq yetişmişdi. Düşmən qarşılaşacağı həmlədən xəbəri yox
halda öz alçaq, çirkin niyyətlərini davam etdirirdi. 2020- ci ilin
sentyabrın 27-də düşmən növbəti dəfə atəşkəsi ciddi şəkildə pozur. Ali
Baş Komandanın əmri ilə əks-hucum əməliyyatlarına yollanan Elvin
qırx dord günlük müharibənin ilk hucumularından olur...
Danışdıqca gözləri dolan , bununla belə oğlu haqqında fəxrlə
danışan Etibar müəllim üç oğlu ilə hər zaman qürur düyduğunu
söyləyir. Elvindən isə həsrətlə, sinəsi qabara-qabara söz açır:
-Elvin bu yolu özü seçdi. Iki oğlum hərbiçi olduğu üçün onun
başqa peşəyə yiyələnməsini istəyirdim. Amma o məqsədindən
dönmədi. Oxudu, özünü peşəkar hərbiçi kimi yetişdirdi. Və...
müharibə başlanan ilk gündən ön cəbhədə oldu. Sentyabrın 26- sı
anası ilə danışmışdı. Onunla bütün ürək sirlərini paylaşardı.
Mənimlə pərdəli dolanırdı. Bizi ayrı yerə aparacaqlar, dedi. Elvin
müharibəyə gedəcəyini bilirmiş, sadəcə bizi yozdurmaq,
əhvalımızı pozmamaq üçün demədi.
Anası:- Hə, balam mənə ürəyni açdı. Sevdiyi vardı. Uzaq olduğu
üçün atasını güclə yola gətirmişdim ki, təki sevib xöşbəxt olsunlar.
Mənə dedi ki, ana, sağ ol ki, atamı yola gətirdin. Inşallah, tezliklə
gələrəm nişan da olar, toy da. Sevdiyi qızın gözünü yollarda
qoydu.Təzə maşın almışdı. Doyunca sürmədi. Arzuları ürəyində
qaldı balamın.
Atası: - Deyir, sən saydığını say, gör fələk nə sayır. Bizim
balamız şərəfli bir yolda canını qurban verdi. Vətən torpağının
azadlığı üçün. Allah canını, qanını vətənə fəda edən bütün
qəhrəman oğulların, şəhidlərimizin məkanın cənnət eləsin. Bir
özümü ondan ötrü bağışlaya bilmirəm ki, Elvin son dəfə bizimlə

sentyabrın 30-da telefonla danışdı. Artıq bilirdik ki, o müharıbə
bölgəsindədi. Özünüzə yaxşı baxın, sağlıq olsun görüşərik, dedi.
Səhərisi, oktyabrın biri onun ad günü idi. Təbrik eləmək üçün nə
qədər zəng vurduq... telefona cavab verən olmadı.. Kaş ki, ayın
30- u balamın doğum gününü təbrik etsəydik....Demə, biz ona
zəng vuranda artıq o şəhid olubmuş. Özü öz ad gününə ən böyük
hədiyyəni –ŞƏHİD adını qazandırdı.
Bəli, taleyin belə ağrılı və eyni zamanda şərəfli təsadüfləri də olur.
Vətən müharibəsinin ilk şəhidlərindən olan Elvin Məmmədovun
döyüş yolu Füzuli və Cəbrayıldan başlayır. Həm ailəsini, həm də onu
tanıyanları dinlədikcə, gözüm önündə vətən üçün özünü sipər edən bir
oğul, bir qardaş, bir dost, bir əsgər, bir qəhrəman heykəli ucalırdı.
Dostu, zabit və döyüş yoldaşı leytenant Novruz Bədəlov: Elvin
haqqında danışmaq mənim üçün çox çətindi. Çünki bir yerdə
oxumuşuq, bir yerdə işləmişik, bir otaqda qalmışıq, bir yerdə
döyüşmüşük. Mənim qardaşım yoxdu, onu özümə qardaş
bilirdim. Elvin ürəyi təmiz insan idi. Həqiqi bir dost idi. Öndə
gedən zabit idi. Hər hansı bir tədbir olanda, harasa bir
nümayəndə göndərmək lazım gələndə Elvini göndərərdilər. O
zabit kimi çox bacarıqlı idi. Biz həmişə onunla söhbət edirdik.
Hamımızın içində olan vətən sevgisi onda da çox güclü idi.
Torpaqları işğaldan nə zamam azad edəcəyik?- deyə, həsrətlə
gözləyirdik o günü. Demək ki, bu günləri görmək bizim
qismətimizdə varmış. 27-si səhər- səhər döyüşə girəndə Elvin gülə-
gülə dedi ki, qardaş, Allah qoysa torpaqları alacayıq. Döyüşə də
gülə-gülə girdi. Müharibə dəhşətləri başqa bir şeydi. Hər an
ölümlə üz-üzə qalırdıq. Mən ondan qabaq yaralandım. Axırıncı
dəfə onu döyüş maşınında gördüm. Başımdan yara almışdım. Nə
oldu?- deyə soruşdu. Vuruldum, dedim. Allah qurtarıb, dedi. Mən
də ona ozünü qoru deyib, ondan ayrıldım. Və bir daha
görmədim...Bu günkü qələbə sevincimizi Elvin kimi şəhidlərimizə
borcluyuq. Allah ruhların şad eləsin! Onunla bağlı o qədər
xatirələrim var ki....Elvin bizim çatmadığımız bir zirvəyə
yüksəldi...
Sentyabrın 27-dən oktyabrın birinə kimi düşmənin xeyli canlı və
hərbi qüvvəsini məhv edən Elvingil mühasirədə qalırlar. Onunla
birlikdə döyüşdə olan leytenant Məhəmmədəli Səfərli minamyot atəşi
nəticəsində ayaqlarından yaralanan Elvini müalicə məqsədilə BTR-82

markalı tanka qoyub Füzuli rayonunda yerləşən Əhmədbəyli
hospitalına göndərir. Amma verdiyi itkilərdən azğınlaşmış erməni
vəhşiləri yolda tankı raketlə vururlar. Iğid qardaşımız elə doğulduğu
gündə, oktyabrın 1- də də ən böyük arzusuna, şəhadətinə qovuşur.
Oktyabrın 6-da anadan olduğu Nəzərabad kəndində son mənzilinə
yola salınır.
Son anında sevdiyi qızla və qardaşları ilə halallaşıb. Ən böyük
arzusu torpaqlarımız azad olandan sonra sevdiyinə qovuşmaq idi.
Amma vətən aşiqi şairimiz Abbas Səhhətin misralarını ürəyinə həkk
etdi nakam şəhidimiz:
“Könlümün sevgili-məhbubi mənim
Vətənimdir, vətənimdir, vətənim!
Anasına, “Müharibədi , hər şey ola bilər. Allaha təvəkkül!”- demişdi
Elvin... Bəli, bu müharibədə hər şey oldu. Ən başlıcası Qələbənin nə
qədər gözəl, möhtəşəm, qürurverici bir hiss olduşunu yaşadıq, gördük.
Bu hissi bizə yaşadanların qarşısanda baş əyirik. Sonunda zəfər
qazandığımız müharibə bizə minlərlə iğid oğullarımızın qanı bahasına
başa gəldi. Hər gün televiziya ekranlarında, sosial şəbəkələrdə və elə
canlı olaraq gördüyümüz yarıcan, vətən bütöv olsun deyə, ona baş,
göz, əl, ayaq olan qəhrəmanlarımızın sağlığı bahasına qazanıldı.
Torpağı başının üstə qaldırıb,
Göyü ayaq altda sərən şəhidim.
Bayrağın rəngində gül-çiçək əkib,
Özü gül-çiçəyə dönən şəhidim.
Gözünü vətənin gözü eyləyib,
Ayağın qırılmaz dizi eyləyib,
Dilini “Can vətən!” sözü eyləyib,
Özünü qurbanlıq verən şəhidim.
Qolları torpağın əlindən tutub,
Nəfəsi od olub, düşməni udub,
Bütün sevdiklərin birdən unudub,
Vətənə sevgili deyən şəhidim.
Hər bir vətən övladı şəhidlərimizə olan borcunu bir yolla ödəməyə,
onların xatırəsini hər zaman əziz tutmağa çalışır. Nurüzlü şəhidimizin

xatirəsinə Sənan Mehdioğlunun ifasında “Şəhidim-Elvinim” adlı
mahnı yazılıb, oxunub. Leytenant Elvin Məmmədov ölümündən sonra
ölkə Prezidentinin sərəncamı ilə “Füzulinin azad olunması uğrunda”
və “Vətən uğrunda” medalları ilə təltif olundu. Ən böyük mükafatı isə
mənsub olduğu xalqı öz bütövlüyünə, azadlığına qovuşdurması oldu...
Məkanın cənnət, ruhun şad olsun, ŞƏHİDİM!

Təranə Arifqızı
Şair-publisist, jurnalist
Naxçıvan Radiosunun əməkdaşı







Oxşar məqalələr