image

İbrahimov İbrahim Etibar oğlu

Naxçıvan 05-Feb, 13:01 Elvin 143 0

İbrahim Etibar oğlu İbrahimov 18 fevral 1992-ci ildə Naxçıvan şəhərində doğulub. İlk təhsilinə 1998-ci ildə Naxçıvan şəhərində 15 saylı tam orta məktəbdə başlayan İbrahim 2009-cu ildə orta məktəbi bitirmiş, 2010-cu ildə həqiqi hərbi xidmətə yollanmışdır. 2011-ci ildə hərbi xidmətini başa vuran İbrahim Etibar oğlu İbrahimov daha sonra - 2020-ci ildə yenidən ordu sıralarına qayıtmışdır. 18 oktyabr 2020-ci ildə Azərbaycan Respublikası Müdafiə Nazirliyi Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun MAXE HQ - əsgəri, XTQ-nin kəşfiyyatçısı kimi Qarabağda aparılan hərbi əməliyyatlara qatılıb.
İbrahim İbrahimov Füzuli, Cəbrayıl, Zəngilan və Xocavəndin düşmən işğalından azad olunmasında böyük şücaət göstərmişdir. 30 oktyabr 2020-ci ildə Xocavənd uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. 2 noyabr 2020-ci ildə Naxçıvan şəhər məzarlığında dəfn olunub. 
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən İbrahim Etibar oğlu İbrahimov ölümündən sonra "Vətən uğrunda" medalı, Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirərkən şəxsi mərdlik və igidlik göstərdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən “İgidliyə görə” medalı, Azərbaycan Respublikasının Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən “Xocavəndin azad olunmasına görə” medalı ilə təltif olunub.

Oxşar məqalələr