image

Vəlizadə İbrahim Malik oğlu

Babək 19-Dec, 21:59 Elvin 467 0


 İbrahim Malik oğlu Vəlizadə 1997-ci ilin 2 aprel tarixində
Babək rayon Yarımca kəndində anadan olub.
2003-cü ildə Yaqub Seyidov adına Yarımca kənd orta məktəbinin 1-ci sinfinə daxil olub. Vətənpərvərliyi və hərbiyə olan marağı ilə yoldaşlarından fərqlənən İbrahim 2011-ci ildə, 8-ci sinifdə Yarımca kənd məktəbindən ayrılaraq Heydər Əliyev adına Naxçıvan Hərbi Liseyinə qəbul olub. Orada 3 il hərbi təhsil alan İbrahim 2014-cü ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olub və 2018-ci ilə qədər burada təhsilini davam etdirib. 2018-ci ildə Azərbaycan Ali Hərbi Məktəbindən məzun olub və təyinatı üzrə "N" saylı hərbi hissəyə xidmətə yola düşüb.
2020-ci ilin 27 sentyabr tarixində Ermənistan-Azərbaycan arasında başlanmış İkinci Qarabağ müharibəsində leytenant Vəlizadə də yaxından iştirak etmişdir. O, səhhətindəki nasazlıqlar səbəbindən oktyabrın 1-i hospitala gəlir, ona həkimlər tərəfindən ən azı 3 gün hospitalda qalaraq müalicə olunmalı olduğu deyilsə də, İbrahim bununla razılaşmır və tez bir zamanda yenidən döyüş meydanına qayıtmalı olduğunu, yoldaşlarını orada tək qoymayacağını bildirir.
 İbrahim hospitalda olarkən ailəsi ilə əlaqə saxlayır və hər şeyin yaxşı olduğunu deyir.
Həkimin ona yazdığı dərmanları götürərək yenidən döyüş meydanına qayıdan İbrahimin döyüş yolu Murovdağdan Suqovuşana qədər uzanır. 6 oktyabrda, Suqovuşan ətrafında gedən döyüşlərdə öz qrupu ilə döyüş tapşırığını uğurla yerinə yetirib geri qayıdarkən mühasirəyə düşür. 6 nəfərlik heyəti ilə özlərindən qat-qat artıq sayda olan düşmənə qarşı mərdliklə vuruşan Vəlizadə şəhid olan əsgərini döyüş meydanından kənara çıxararkən uzaqdan atılan snayper gülləsinə tuş gəlir və özü də qəhrəmancasına şəhid olur.
Uzun sürən axtarışlardan sonra leytenant Vəlizadə 30 noyabr tarixində tapılır və doğulub boya-başa çatdığı Yarımca kəndinə gətirilərək böyük izdihamın müşayiəti ilə kənd qəbiristanlığında dəfn edilir.
Ali Baş Komandan, Prezident İlham Əliyevin 15 dekabr 2020-ci ildə imzaladığı sərəncama əsasən, leytenant Vəlizadə İbrahim Malik oğlu Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə ölümündən sonra "Vətən uğrunda" medalı və 3-cü dərəcəli "Rəşadət" ordeni ilə təltif edilir.
 Şəhid leytenant Vəlizadə İbrahim evli idi, bir oğul övladı yadigar qalıb.

Oxşar məqalələr